05/08/2026
Şəkidə “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Şəki şəhərində Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Layihə “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbirdə Şəki,Qax, Zaqatala və Balakən rayonlarından fermerlər, sahibkarlar, turizm agentliklərinin nümayəndələri, aqrar sahə üzrə mütəxəssislər və trüfel istehsalına maraq göstərən vətəndaşlar iştirak ediblər.
İctimai Birliyin sədri Lalə Həmidova çıxış edərək bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda trüfel istehsalının inkişaf etdirilməsi, bu sahə üzrə elmi biliklərin və beynəlxalq təcrübənin fermerlərə çatdırılması, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinin təşviq olunması, həmçinin trüfel istehsalının ölkənin aqrar və qeyri-neft sektorunun perspektivli istiqamətlərindən birinə çevrilməsinə dəstək verməkdir.
Tədbirdə qeyd olunub ki, trüfel göbələkləri palıd, fındıq, vələs, Şərq fıstığı (buk), cökə, qovaq və söyüd kimi ağacların kök sistemi ilə mikoriza əlaqəsi yaradır. Bu təbii simbioz nəticəsində ağacların su və qida maddələrini daha səmərəli mənimsəməsi dəstəklənir, kök sisteminin inkişafı stimullaşdırılır və torpağın bioloji aktivliyi artır.
Vurğulanıb ki, trüfel mikorizasının tətbiqi fındıq və qoz bağlarında məhsuldarlığın artırılması, məhsulun keyfiyyət göstəricilərinin yüksəldilməsi, mineral maddələrin daha yaxşı mənimsənilməsinin dəstəklənməsi və sağlam bağların formalaşdırılması baxımından perspektivli istiqamətlərdən biridir. Düzgün aqrotexniki yanaşma və uyğun torpaq şəraitində mikoriza ağacların inkişafına müsbət təsir göstərə, bağların uzunömürlülüyünü artıra və torpağın münbitliyinin qorunmasına kömək edə bilər.
Tədbirdə trüfel göbələklərinin ekoloji əhəmiyyəti də xüsusi diqqətə çatdırılıb. Bildirilib ki, torpaq altında formalaşan trüfel miseli torpağın strukturunu möhkəmləndirir, suyun torpağa hopmasını yaxşılaşdırır, rütubətin daha uzun müddət saxlanmasına şərait yaradır və torpaq eroziyasının azalmasına töhfə verir. Bu xüsusiyyətlər iqlim dəyişiklikləri şəraitində torpaq və su ehtiyatlarından daha səmərəli istifadə olunmasına, quraqlıq dövrlərində ağacların dayanıqlığının artırılmasına müsbət təsir göstərə bilər.
Çıxış zamanı qeyd olunub ki, trüfel istehsalının inkişafı Azərbaycanda kənd təsərrüfatının şaxələndirilməsinə, yüksək əlavə dəyərə malik ixrac məhsullarının istehsalına, aqroturizmin inkişafına, yeni məşğulluq imkanlarının yaradılmasına və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər.
Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Xatırladaq ki, “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bundan əvvəl Lənkəran və Quba rayonlarında belə tədbirlər təşkil edilib. Növbəti seminarın isə Qəbələ rayonunda keçirilməsi planlaşdırılır 14 avqustda iştirak etmək istəyən hər kəs bu nömrə ilə əlaqə saxlaya bilər.+994512515100