29/04/2026
LAYİHƏ İŞTİRAKÇILARININ SERTİFİKATLARI
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli ümumi təhsil tam orta məktəbin ibtidai sinif müəllimi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi Arzu İmanovanın “Savad Bankı – kiçik addımlarla böyük uğurlara!” layihəsinin bağlanış tədbiri keçirilmişdir.
Tədbirdə layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və qazanılan uğurlar iştirakçıların diqqətinə çatdırılmışdır. Çıxış edənlər layihənin şagirdlərin inkişafına verdiyi töhfələrdən, keçirilən təlimlərin əhəmiyyətindən və əldə olunan nailiyyətlərdən bəhs etmişlər.
Bağlanış tədbirində ekspert Aliya Əhmədova, direktor Leyla Əliyeva, direktor müavinləri Sevinc Quliyeva və Ruhiyyə Hüseynova çıxış edərək layihənin uğurlu nəticələrini yüksək qiymətləndirmiş, iştirakçılara öz tövsiyələrini vermişlər.
Buraxılış mərhələsində şagirdlər təlim müddətində əldə etdikləri bilik və bacarıqları real şəkildə nümayiş etdirmişlər. Onlar təşkil etdikləri sərgi vasitəsilə qənaət, gəlir, xərc, bank, kredit, biznes planı və investisiya kimi anlayışlar üzrə biliklərini təqdim etmiş, maliyyə savadlılığı sahəsində qazandıqları təcrübəni əyani şəkildə nümayiş etdirmişlər.
Tədbirin sonunda layihədə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunmuş və onlar təbrik edilmişdir.